Nəzir Eltəkin
Nəzir Əhmədov və ya Nəzir Eltəkin (azərb. Nəzir Laçın oğlu Əhmədov; 27 dekabr 1925, Kəhrizoba, Nuxa rayonu – 5 mart 2005, Bakı) — şair, publisist, 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Ali Sovetinin deputatı (1967–1971), Şəki şəhər İcra hakimiyyətinin başçısı (1993–1998), Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini (1998 – 2001).
Nəzir Əhmədov 1925-ci il dekabrın 27-də Azərbaycanın Şəki rayonunun Dağ Qaraqoyunlu kəndində Kəhriz obasında anadan olub. Kənd yeddiillik məktəbi bitirdikdən sonra Şəki pedaqoji məktəbinə qəbul olunmasına baxmayaraq 1942-ci ildə məktəbin 2-ci kursunda oxuyarkən könüllü olaraq hərbi xidmətə getmişdir. 1944–1946-cı illərdə Xarkov şəhərində hərbi kəşfiyyat məktəbində, eyni zamanda axşam orta məktəbində təhsil almış, 1946–1950-ci illərdə Sovet sərəhəd qoşunları hissəsində qulluq etmişdir. 1950–1955-ci illərdə Leninqrad Dövlət Universitetinin siyasi iqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirən publisist 1955–1957-ci illərdə Leninqrad Vilayət Partiya komitəsində təlimatçı, bölmə müdiri, 1954–1974-cü illərdə Zaqatala rayon komitəsinin birinci katibi, 1967–1971-ci illərdə Azərbaycan SSR Ali Sovetinin təbiəti mühafizə daimi komissiyasının sədri, 1974–1975-ci illərdə Abşeron rayon komitəsinin birinci katibi, 1975–1993-cü illərdə Azərbaycan Respublikası Dövlət Plan Komitəsinin elmi-tədqiqat institutunda baş elmi işçi və şöbə müdiri, 1993–1998-ci illərdə Şəki şəhər İcra hakimiyyətinin başçısı, 1998–2002-ci illərdə isə Azərbaycan iqtisadiyyat nazirinin müavini vəzifələrini icra etmişdir. 1991–1993-cü illərdə Şəki, Balakən və digər bölgələrdə milli azadlıq hərəkatında fəal iştirak etmişdir. 1965–1970-ci illərdə Çexoslovakiya, Kuba, Amerika, Macarıstan və Rumıniya ölkələrinə rəsmi nümayəndə heyəti tərkibində xarici səfərlərdə olan şair, eyni zamanda 1966–1974-cü illərdə Azərbaycan KP MK-nın üzvü seçilmiş, 1967–1971-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı olmuşdur.
"Desələr xatırlayın" (1955);
"İzim qala" (1995);
"Sarı Laçın" (1996);
"Ömür körpüsü" (1998);
"İsmipünhan sorağında" (poema) (1998);
"Qaçaq Abbas" (poema) (2001);
"Ömrün son baharı" (şeirlər və poemalar) (2006)
1966-cı ildə "Qırmızı Əmək Bayrağı" ordeni, 1968-ci ildə "Lenin ordeni", 1969-cu ildə "Şərəf nişanı" ordeni, 1967–1970-ci illərdə SSRİ XTNS-nin 2 qızıl medalına və birinci dərəcəli diplomlarına, əlavə 15 medalla da təltif olunmuşdu.